Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Səyyar ASAN xidmət Siyəzəndə

17 aprel 2017
Səyyar ASAN xidmət 17 aprel – 16 may tarixində Siyəzən şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Həmçinin, səyyar avtobuslar 28 mart – 26 aprel Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, 29 mart - 26 aprel  Salyan şəhərində, 3 – 22 aprel Füzuli rayonunun Horadiz şəhərində, 10 – 19 aprel Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində, 15 – 29 aprel Abşeron rayonunun Novxanı qəsəbəsində, səyyar ASAN  qatar isə 14 – 28 aprel Şəmkir rayonunun Dəllər qəsəbəsində vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

  •     Notariat fəaliyyəti;
  •     Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
  •     Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
  •     Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
  •     Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
  •     Əmək pensiyalarının təyin edilməsi;
  •     Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
  •     Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
  •     Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.


Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.